Boston Consulting Group (BCG) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi ilə birgə tələbələr üçün görüş təşkil edib.
Tədbirin məqsədi tələbələrə menecment konsaltinq sahəsi, BCG-nin dəyərləri, karyera imkanları və problem həll etmə bacarıqları barədə ətraflı məlumat vermək olub.
Şirkətin əməkdaşı Nərgiz Adıgözəlova BCG-nin fəaliyyəti, əsas dəyərləri və işə qəbul prosesi barədə məlumat verib, tələbələrə şirkətdə karyera qurmaq üçün yol xəritəsi təqdim edib. Sonra BCG konsultantları öz təcrübələrini bölüşərək biznes problemlərinin həlli və sahəyə doğru yanaşmalar barədə praktik məsləhətlər veriblər.
Görüşün ən maraqlı hissələrindən biri interaktiv "case-cracking" sessiyası olub. UNEC Karyera Mərkəzinin dəstəyi ilə təşkil olunan bu sessiyada tələbələr problem həll etmə texnikalarını tətbiq edib və BCG mütəxəssislərinin rəyini alıblar. Praktiki təcrübə iştirakçılara strukturlaşdırılmış düşünmə və komanda işi bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.
Sonda tələbələr BCG nümayəndələri ilə ünsiyyət quraraq şirkətin iş mühiti və karyera imkanları barədə əməkdaşlara suallar ünvanlayıblar.