Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Dünyası İqtisad Fakültəsi, Türk Dünyası Gənclər Təşkilatı və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə “Qəhrəmanların izi ilə: Aprel Döyüşləri” adlı anım tədbiri keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr, həmçinin Aprel döyüşlərinin iştirakçısı olan qazilər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib. Ardınca Aprel döyüşləri və Zəfər tariximizə həsr olunan qısa film nümayiş olunub.
Tədbirdə çıxış edən Türk Dünyası Gənclər Təşkilatının sədr müavini Ziyad Ağayev vurğulayıb ki, torpaq uğrunda can verən qəhrəmanlar xalqın yaddaşından silinmir və gənclər onların iziylə şərəfli yolda addımlayırlar.
Türk Dünyası İqtisad Fakültəsinin baş müəllimi Nəriman Xanəhmədov çıxışında Aprel döyüşlərinin əhəmiyyətindən danışıb, UNEC-in vətən uğrunda şəhid olan tələbələrinin qəhrəmanlığını xatırladıb. Bildirilib ki, Qarabağ döyüşlərində universitetin 48 tələbəsi şəhid olub.
Tədbirdə Aprel və Vətən Müharibəsi iştirakçıları – Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əhliyət Mehdiyev, gizirlər Elvin Orucov, Xaqani Məmmədov və sıravi əsgər Müseyib Qəhrəmanov da çıxış edərək öz döyüş yolundan, döyüş yoldaşlarının qəhrəmanlığından və şəhidlik zirvəsinin ucalığından danışıblar.
“Qalibiyyət: Şahidlər və Şəhidlər” ikicildliyinin müəllifi, araşdırmaçı yazar və jurnalist Aida Eyvazlı Göytürk isə Aprel döyüşlərinin Zəfər yolunun başlanğıcı olduğunu bildirib. O, şəhid ailələri ilə görüşlərindən və döyüş iştirakçılarının hekayələrindən bəhs edərək, bu qələbəyə inamın hər zaman canlı olduğunu qeyd edib.
Sonda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti, gizir Anar İlhamlı qəhrəmanlıq mövzusunda bəstələdiyi mahnıları ifa edib.