Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsi və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Təhsillə güclən, erkən nikahla yüklənmə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin açılışında fakültənin dekan müavini Sevinc Abdullayeva erkən nikahın fərdin psixi, mənəvi və bioloji inkişafına təsiri, təhsildən yayındırıcı və sosiallaşmaya maneə törədən ciddi faktor kimi mahiyyətindən bəhs edib.
UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mərziyə Əzməmmədova erkən nikahın mahiyyəti, başvermə səbəbləri və yaratdığı fəsadlar barədə geniş təqdimatla çıxış edib. O, ailə institutunun möhkəmləndirilməsi, mövcud tədqiqatların nəticələri, həmçinin bu problemin fərd, ailə və cəmiyyət üçün yaratdığı sosial-iqtisadi və psixoloji risklərdən bəhs edib.
M.Əzməmmədova vurğulayıb ki, erkən nikah: ana və uşaq ölümü riskini artırır, qızların təhsildən və fərdi inkişafdan məhrum qalmasına səbəb olur, sosial və peşə imkanlarını məhdudlaşdırır, uzunmüddətli yoxsulluq və asılılıq halları ilə nəticələnə bilər.
Təqdimatın sonunda iştirakçı tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.