Mayın 3-4-də İçərişəhərin Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalında UNEC Dizayn Məktəbinin professor-müəllim heyəti və tələbələri fəal iştirak ediblər.
Festival “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və AZPROMO-nun dəstəyi ilə baş tutub. Tədbirə Azərbaycanla yanaşı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Tatarıstan, Özbəkistan və digər ölkələrdən xalçaçılar, sənətkarlar və istehlakçılar qatılıblar.
UNEC Dizayn Məktəbindən dosent Yeganə Ağamalıyeva, baş müəllimlər Aynur Rzayeva və Gülçöhrə Salehzadə, eləcə də dizayn ixtisası üzrə təhsil alan tələbələr festivalda iştirak edərək xalçaçılıq sənətinin ənənəvi və müasir formaları ilə yaxından tanış olublar. Tələbələr müxtəlif bölgələrdən gəlmiş xalça ustalarının əl işlərini izləyərək, canlı toxuculuq texnikalarını və ornamental kompozisiyaların sirrlərini öyrəniblər.
Festival çərçivəsində keçirilən ustad dərslərində UNEC nümayəndələri də iştirak ediblər. “Azərxalça” ASC-nin 14 regional emalatxanasından gələn 28 toxucu qadın və yaradıcı qrup üzvləri xalçaçılıq sənətinin incəliklərini bölüşüblər.
Tədbirin əsas məqsədi Azərbaycan xalçaçılıq sənətinin dünya miqyasında tanıdılması, bu sahədə təcrübə və bilik mübadiləsinin genişləndirilməsi olub. Festival həmçinin İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25, Azərbaycan xalçaçılıq sənətinin isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinin 15 illiyi münasibətilə təşkil olunub.