UNEC Dizayn məktəbinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusunda tədbir keçirilib.
Tədbiri UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova açaraq bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən birinin də narkomaniya olduğunu qeyd etdi. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyanın, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrildiyini, bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin prioritet məsələ olduğunu vurğulayıb.
“Dizayn” kafedrasının müdiri dosent Elfanə Qasımova çıxışında narkomanın tədricən özünə hörməti, əxlaqi keyfiyyətləri və zehni tarazlığını itirməsi, anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilməməsi, heç bir peşə ilə məşğul ola bilməməsi və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unutması haqqında məlumatları tələbələrlə bölüşdü.
Dizayn kafedrasının baş müəllimi Gülçöhrə Salehzadə narkotizmlə mübarizənin uzunmüddətli, çoxşaxəli bir proses olduğunu, problemin ictimai təhlükəliliyinin bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçiliyin olduğunu diqqətə çatdırıb.
UNEC Dizayn məktəbi təhsilin I ili tələbəsi Ansar Elxan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisə olduğundan, onun vurduğu saysız-hesabsız ziyanın həcminin böyüklüyündən bəhs edən təqdimatla çıxış edib.