Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, seminarın keçirilməsinin əsas məqsədinin insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini tələbələr arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, insanlarda humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarət olduğunu bildirib.
“İqtisadiyyat” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Ərəbiyyə Mustafayeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan hüquqları günü kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlərin keçirildiyini bildirib, insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini diqqətə çatdırıb, bu sahədə mövcud olan qanunvericilikdən, insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlardan danışıb.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.