UNEC Bloomberg Maliyyə Laboratoriyası artıq üçüncü ildir ki, UNEC tələbələrinin beynəlxalq maliyyə arenasında iştirakını təmin edərək “Bloomberg Global Trading Challenge” yarışında ölkəmizi uğurla təmsil edir.
Bu il yarışa maraq və iştirakçı sayı yeni rekorda imza ataraq UNEC-dən 24 komanda və 95 tələbənin qatılması ilə daha geniş miqyas alıb.
Yarışa hazırlıq mərhələsi çərçivəsində Bloomberg Maliyyə Laboratoriyasının təşkilatçılığı ilə infosessiya keçirilib. Tədbirdə laboratoriyanın rəhbəri Səidə Xəlil yarışın məqsədi, iştirak qaydaları və əsas şərtləri barədə ətraflı məlumat verib. Bildirilib ki, yarışda komandalar 5 həftə ərzində onlara təqdim olunan 1 milyon ABŞ dolları məbləğində demo vəsaiti səmərəli şəkildə idarə edərək artırmağa çalışacaqlar.
Tədbirin önəmli hissələrindən biri isə keçən il dünya üzrə 32-ci yerin sahibi olmuş UNEC komandası “The Risk Analysts”in təcrübə paylaşımı olub. Komandanın kapitanı Asiman İsazadə, üzvləri Zəhra Məmmədzadə və Rəna Məmmədzadə iştirakçılarla öz strategiyalarını, qərarvermə proseslərini və qarşılaşdıqları çətinliklərdən necə keçdiklərini bölüşüblər. Onların təqdimatı yeni iştirakçılar üçün dəyərli motivasiya və praktiki tövsiyə mənbəyi olub.
Sonda iştirakçıların sualları cavablandırılıb.