A

UNEC-in Mühəndislik fakültəsində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd edilməsi münasibətilə tələbələrin bilik və dünyagörüşünü artırmaq məqsədilə “Dəmir yumruq” adlı tələbələrarası intellektual müsabiqə təşkil olunub.

Müsabiqənin münsiflər heyətində fakültənin nəzdində fəaliyyət göstərən “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimləri — Könül Rəhimova, Afət Cəfərova, İlqar Rəcəbov, Fuad İslamov, Ulduzə Novruzova, Nurlanə Kərimova, Zülfiyyə Həsənova və Əhməd Asimov iştirak edərək tələbələrə uğurlar arzulayıblar.

Tədbiri giriş sözü ilə fakültənin dekan müavini Sevinc Abdullayeva açaraq qeyd edib ki, müsabiqənin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfəri təbliğ etmək, şəhidlərin xatirəsinə ehtiram göstərmək və gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir. O, belə tədbirlərin gənclərdə milli dəyərlərə bağlılığı daha da möhkəmləndirdiyini vurğulayıb.

Müsabiqədə fakültənin 6 ixtisası – “Materiallar mühəndisliyi” ixtisası üzrə “Zəfər zəkaları” komandası,  “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə “Xarıbülbül” komandası , “Sənaye mühəndisliyi” ixtisası üzrə “Qarabağ aslanları” komandası, “Ekologiya mühəndisliyi” ixtisası üzrə “Zəka qalası” komandası, “Maşın mühəndisliyi” ixtisası üzrə “Müzəffər əsgərlər” komandası və “Qida mühəndisliyi” ixtisası üzrə “İdrak gücü” komandası müxtəlif mərhələlər üzrə sualları cavablandıraraq Zəfər günü barədə tarixi faktlar, mədəni irs, Qarabağ mövzusu və ümumi biliklər sahəsində öz intellektual hazırlıqlarını nümayiş etdiriblər. Yarış gərgin mübarizə şəraitində keçib və tələbələr yüksək fəallıq göstəriblər.

Nəticəyə əsasən, “Qarabağ aslanları” komandası I yeri tutub və qalib komanda fakültənin dekanı dosent Elçin Səmədov tərəfindən sertifikatla təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay