UNEC-in Türk Dünyası İqtisad Fakültəsində insan alverinə qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi tələbələrə insan alverinin mahiyyəti, onun sosial-iqtisadi təsirləri və bu cinayətə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətini çatdırmaq olub.
Tədbir fakültənin dekan müavini Cavahirxanım Məmmədova insan alverinin qlobal səviyyədə ciddi təhlükə olaraq qaldığını qeyd edərək bu problemin qarşısının alınmasında ictimai məlumatlılığın vacib rol oynadığını vurğulayıb. Cavahirxanım Məmmədova tələbələri risk faktorlarını tanımağa, mövzu ilə bağlı biliklərini artırmağa və cəmiyyətdə sosial məsuliyyət nümayiş etdirməyə çağırıb.
Daha sonra insan alverinə qarşı mübarizəni əks etdirən “Mələklərin qurtuluşu” adlı qısametrajlı film nümayiş olunub. Real hadisələr əsasında hazırlanan film insan alveri qurbanlarının yaşadığı psixoloji və fiziki sarsıntıları təsirli şəkildə əks etdirərək tədbir iştirakçıları arasında böyük emosional rezonans yaradıb.
Tədbirin sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, tələbələrin sualları cavablandırılıb. Çıxış edənlər insan alverinə qarşı mübarizədə dövlət qurumları, təhsil müəssisələri və vətəndaş cəmiyyətinin birgə fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını bildiriblər.