A

UNEC Mühəndislik fakültəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə mühəndislik sahəsinin aktual məsələlərinə həsr olunmuş "Mühəndislik problemlərində müasir yanaşmalar" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirin əsas məqsədi tələbələrin mühəndislik sahəsində aktual çağırışları müzakirə etməsi, nəzəri biliklərini real problemlərə tətbiq etməsi və elmi müzakirələrdə aktiv iştirakını təşviq etmək olub. Dəyirmi masada UNEC-lə yanaşı, digər ali təhsil müəssisələrinin tələbələri də iştirak ediblər.

Tədbirdə çıxış edən fakültə dekanı dos.Elçin Səmədov, dekan müavini Sevinc Abdullayeva, fakültə TEC sədri Afət Cəfərova, fakültə mentoru Könül Rəhimova, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentləri Mövlud Hüseynov, Ramil Sadıqov, Maya Kərimova UNEC-də tələbələrin elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən yeniliklərdən söz açıblar. Nüfuzlu jurnallarda çap olunan məqalələrə görə müəllimlərlə yanaşı, UNEC tələbələrinin də 5000 manatadək qonorar almaq şansının olduğunu, eləcə də UNEC Tələbə Tədqiqatları jurnalının nəşr edildiyini diqqətə çatdırıblar.

Dəyirmi masada UNEC-in Mühəndislik fakültəsinin “Materiallar mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Qida mühəndisliyi”, “Maşın mühəndisliyi” ixtisasının tələbələri ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarının və Azərbaycan Dövlət Dənizçilik Akademiyasının tələbələri arasında mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, tələbələrin çıxışları dinlənilib.

Dəyirmi masa çərçivəsində müxtəlif mühəndislik ixtisasları üzrə tələbələr süni intellekt, avtomatlaşdırma, ekoloji texnologiyalar, sənaye həlləri və gələcəyin mühəndislik layihələri ilə bağlı təqdimatlarla çıxış ediblər. Tələbələrin real layihələr əsasında hazırladıqları ideyalar müzakirə olunub, üstün və inkişaf etdirilə biləcək tərəflər dəyərləndirilib.

İnteraktiv müzakirələr zamanı tələbələrin sualları cavablandırılıb, elmi və praktiki yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb. Sonda bu formatda tədbirlərin tələbələrin peşəkar və analitik bacarıqlarının inkişafı üçün vacibliyi vurğulanıb və görüşlərin davamlı keçirilməsi təklif edilib.

TOP XƏBƏRLƏR