ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən təşkil olunan Azerbaijan Biznes Keys Müsabiqəsi (ABCC) ölkəmizdə gənclərin analitik düşüncə, strateji qərarvermə və komanda işi bacarıqlarının inkişafına yönəlmiş nüfuzlu layihələrdən biridir.
Azərbaycan Dövlət İqtisad Universiteti olaraq ABCC 2026 çərçivəsində keçirilən Biznes Akademiya təlimlərinə məkan tərəfdaşı kimi dəstək verməkdən məmnunuq. Fevralın 1-də universitetimizdə baş tutan ilk sessiya iştirakçıların müsabiqəyə hazırlığında vacib başlanğıc mərhələsi oldu.
Müsabiqə tələbələrə real biznes halları üzərində işləmək, praktik həllər hazırlamaq və ideyalarını peşəkar münsiflər heyətinə təqdim etmək imkanı yaradır.
İlk sessiya zamanı iştirakçılar müsabiqənin mərhələləri və tələbləri ilə tanış oldular və qarşıdakı proses üçün ilkin hazırlıq keçdilər. Cari ildə UNEC-dən 13 komanda qoşulub və iştirakçıların əsas hissəsi Beynəlxalq iqtisadiyyat məktəbinin(ISE) tələbələri təşkil edir. Bütün iştirakçılara uğurlar arzulayırıq.