UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə Ümumdünya Sosial İş Günü münasibətilə tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd sosial iş ixtisası üzrə təhsil alan tələbələrə bu sahənin cəmiyyət üçün əhəmiyyətini çatdırmaq, eyni zamanda Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri barədə məlumat vermək olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdir müavini Cavid Rəhimli sosial işin cəmiyyətin həssas qruplarına dəstək göstərilməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, sosial işçilərin fədakar fəaliyyəti cəmiyyətin rifahı baxımından xüsusi əhəmiyyət daşıyır.
“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri Elşən Məmmədov çıxışında bildirib ki, sosial iş ixtisası ehtiyacı olan insanlara dəstək olmaq, onların problemlərini anlamaq və həll yolları tapmaq baxımından mühüm sahələrdən biridir.
UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova isə inklüzivliyin və sosial iş sahəsinin cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu sahə xüsusilə həssas qrupların cəmiyyətə tam və bərabər şəkildə inteqrasiyasına imkan yaradır.
Sonda tədbir çərçivəsində sosial iş sahəsində həyata keçirilən fəaliyyətlər və gələcək perspektivlər müzakirə olunub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.