UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Ekosistemin qorunması və su ehtiyatlarından davamlı istifadənin təmin edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə fakültənin dekan müavini Mehriban Kərimzadə və “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Adik Məmmədov iştirak ediblər.
Dosent Adik Məmmədov çıxışında su ehtiyatlarının həm qlobal, həm də yerli səviyyədə qarşılaşdığı problemlərdən danışıb. O, suya qənaət, təmizləmə və təkrar istifadə, su mənbələrinin qorunması, biomüxtəlifliyin saxlanması, meşələrin qorunması və bərpası ilə bağlı təkliflər irəli sürüb. Bildirib ki, gündəlik həyatda suyun israfının qarşısını almaq kənd təsərrüfatında damcı suvarma kimi üsulların tətbiqi, çirkli suların təmizlənərək yenidən istifadəsi və çayların, göllərin və yeraltı suların çirklənmədən qorunmasına mühüm töhfə verə bilər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.