A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə ADA Universitetinin tələbələri tərəfindən həyata keçirilən “TAGHIYEV: A Legacy Beyond Borders” adlı sosial məsuliyyət layihəsi çərçivəsində növbəti maarifləndirici sessiya baş tutub.

Sessiya ADA Universitetinin müəlliməsi Ulviyyə Mehrəliyevanın mentorluğu ilə tələbələr Lalə Rüstəmxanlı, Rəvanə Ələmova və Bülbül Zeynalova tərəfindən həyata keçirilib. Tədbirdə çıxış edən spikerlər Tağıyevin həyat yolu, sahibkarlıq fəaliyyəti, xeyriyyəçilik missiyası və xüsusilə təhsilin inkişafına verdiyi mühüm töhfələr barədə ətraflı məlumat təqdim ediblər. Onun Azərbaycanda ilk qız məktəbinin açılmasındakı rolu və qadınların təhsilinə göstərdiyi dəstək xüsusi diqqət mərkəzində olub.

Bildirilib ki, Hacı Zeynalabdin Tağıyevin fəaliyyəti yalnız dövrü ilə məhdudlaşmayaraq, bu gün də aktual olan sosial məsuliyyət və inklüziv inkişaf prinsiplərinin formalaşmasına nümunədir. Onun irsi müasir gənclər üçün həm liderlik, həm də cəmiyyətə faydalı olmaq baxımından mühüm örnək kimi təqdim olunub.

Tədbir interaktiv formatda təşkil edilib, iştirakçılarla açıq müzakirələr aparılıb, onların fikirləri dinlənilib və müxtəlif suallar ətrafında fikir mübadiləsi həyata keçirilib.

Sonda iştirakçılar arasında keçirilən qısa viktorina tədbirə xüsusi maraq qatıb. Viktorinada fəallığı ilə seçilən üç tələbəyə sertifikat və hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay