A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsində “Data analitika və süni intellekt” təcrübə proqramı uğurla davam edir.

Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqram tələbələrin əmək bazarının tələblərinə uyğun peşəkar bacarıqlar əldə etməsinə yönəlib. Tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumu nəzəri biliklərin praktiki təcrübə ilə zənginləşdirilməsinə xidmət edir.

Proqrama fakültənin yüksək akademik göstəriciləri və motivasiyası ilə seçilən tələbələr cəlb olunub. 2025-ci ilin oktyabr ayından start götürən təlimlər çərçivəsində iştirakçılar data analitikası, süni intellekt və böyük verilənlərin emalı kimi aktual sahələr üzrə həm nəzəri, həm də praktiki biliklər əldə edirlər.

Təlimlər ABB-nin peşəkar mütəxəssisləri tərəfindən interaktiv formatda keçirilir və real biznes nümunələri üzərində tətbiqi yanaşmalar öyrədilir. Bu yanaşma tələbələrin analitik düşünmə qabiliyyətlərinin inkişafına, texnoloji alətlərdən səmərəli istifadə bacarıqlarının formalaşmasına və komanda işi vərdişlərinin gücləndirilməsinə mühüm töhfə verir.

Hazırda davam edən proqramın 2026-cı ilin iyul ayına qədər davam etməsi nəzərdə tutulur. Təcrübə proqramının sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqlar qiymətləndiriləcək.

Rəqəmsal iqtisadiyyat fakültəsi bu cür strateji əməkdaşlıqların tələbələrin karyera inkişafında mühüm rol oynadığını vurğulayır və onların müasir əmək bazarına daha hazırlıqlı mütəxəssislər kimi formalaşmasına xüsusi önəm verir. Fakültə rəhbərliyi proqramın uğurla davam etməsini yüksək qiymətləndirir və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsini hədəfləyir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay