UNEC-in Mühəndislik fakültəsində “Süni intellektin təsiri və faydaları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbir “AI Awareness Days” (Süni İntellekt Maarifləndirmə Günləri) çərçivəsində baş tutub.
Tədbirdə fakültənin dekan müavini Sevinc Abdullayeva çıxış edərək süni intellekt (Sİ), xüsusilə məsuliyyətli və etik AI sistemləri, eləcə də fərdi məlumatların qorunması istiqamətində maarifləndirmənin əhəmiyyətini vurğulayıb. O bildirib ki, müasir dövrdə insan yaradıcılığı ilə süni intellekt imkanlarının inteqrasiyası ön plana çıxır. Fərdiləşdirilmiş istehsal, avtomatlaşdırılmış qərarvermə və ağıllı sistemlərin inkişafı mühəndislərin rolunu daha da artırır. Bu transformasiyanın mərkəzində isə məhz mühəndislər dayanır.
Sonra “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru Ədalət Kərimov süni intellektin mahiyyəti, tarixi inkişafı, təhsil və karyera baxımından üstünlükləri, həmçinin Sİ etikası barədə ətraflı məlumat verib. O qeyd edib ki, artıq məhsul dizaynı, istehsalın idarə olunması, təchizat zəncirinin optimallaşdırılması kimi sahələri süni intellektsiz təsəvvür etmək mümkün deyil.
Professor çıxışı zamanı həmçinin süni intellektin mühəndisliyə təsir edən əsas istiqamətlərinə toxunub. Bu istiqamətlərə istehsalat proseslərinin optimallaşdırılması, proqnozlaşdırıcı texniki xidmət, rəqəmsal əkizlər, IoT həlləri, data əsaslı qərarvermə və insan–maşın əməkdaşlığının yeni mərhələsi daxildir. Bununla yanaşı, tələbələrə fərdi məlumatların işlənilməsi və mühafizəsi ilə bağlı vacib məqamlar izah olunub.
Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib və mövzu ilə bağlı suallar cavablandırılıb.