A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Baker Tilly Audit Azərbaycan” QSC arasında birgə elmi-praktiki fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında 05 noyabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində Maliyyə və mühasibat fakültəsində “Vergi və hüquq günü” keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, müasir iqtisadi münasibətlər sistemində fiskal siyasətin və hüquqi preventiv tədbirlərin vəhdət təşkil etdiyini bildirib, “Baker Tilly Audit Azərbaycan” şirkəti kimi nüfuzlu bir qurumun zəngin beynəlxalq təcrübəsinin tədris prosesinə inteqrasiyasının əhəmiyyətindən bəhs edib, şirkətin vergi planlaması, hüquqi ekspertiza və risk auditi sahəsindəki peşəkar yanaşmalarının tələbələr üçün əvəzsiz bir mənbə olduğunu vurğulayaraq, bu əməkdaşlığın gənc mütəxəssislərə həm vergi qanunvericiliyinin praktiki tətbiqi, həm də mürəkkəb hüquqi-maliyyə keyslərinin həlli istiqamətində şirkətin qlobal standartlarını mənimsəməyə real imkanlar yaratdığını diqqətə çatdırıb.

“Baker Tilly Audit Azərbaycan” şirkətinin vergi məsələləri üzrə meneceri Səidə Kəngərli və hüquq məsələləri üzrə köməkçi meneceri Vüsalə Qasımova çıxış edərək, qlobal iqtisadiyyatda fiskal şəffaflığın və hüquqi arxitekturanın düzgün qurulmasının müəssisələrin dayanıqlı inkişafındakı strateji əhəmiyyətini vurğulayıblar, vergi qanunvericiliyindəki dinamik dəyişikliklərin müasir audit metodologiyasına təsiri, hüquqi risklərin minimallaşdırılması və korporativ idarəetmədə normativ uyğunluq mexanizmlərinin tətbiqi barədə ətraflı məlumat veriblər, tələbələrə nəzəri biliklərin beynəlxalq audit praktikası və mürəkkəb hüquqi keyslər müstəvisində necə reallaşdırılmasının detallarını təqdim ediblər.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Baker Tilly Azərbaycan dünya üzrə 147 ölkə və ərazidə təxminən 754 ofisdə fəaliyyət göstərən, 50400 peşəkarı birləşdirən və ümumi illik gəliri 5,6 milyard ABŞ dolları olan Baker Tilly International şəbəkəsinin müstəqil üzvüdür. 2007-ci ilin aprelində 3 partnyor və 12 peşəkar əməkdaş tərəfindən əsası qoyulan Baker Tilly Azərbaycan qısa zaman ərzində Azərbaycanda etibarlı və uğurlu konsaltinq brendi kimi mövqelənmişdir. Bu gün Baker Tilly Azərbaycan 160-dan artıq peşəkar əməkdaşın dəstəyi ilə müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Gəlirlərinə və bağlanmış müqavilələrin sayına görə ölkənin 5 qabaqcıl audit və konsaltinq xidməti göstərən şirkəti sırasında yer alır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay