Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbi və Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələrin sağlamlıq mədəniyyətinin formalaşdırılması və psixoloji rifahının artırılması məqsədilə “Psixoloji dayanıqlıq və həyat bacarıqları” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin müəllimi Lalə Nəcəfli psixoloji dayanıqlığın insanın həyatın çətinliklərinə, streslərə və emosional təzyiqlərə qarşı mübarizə aparma bacarığı olduğunu vurğulayıb. O, insanların qarşılaşdıqları uğursuzluqlara və tələblərə necə reaksiya verdikləri, çətinliklərlə necə başa çıxdıqları və bu təcrübələrdən necə öyrəndikləri barədə tələbələrə ətraflı məlumat verib.
Seminarda Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva çıxış edərək psixoloji dayanıqlıq və həyat bacarıqları, bu bacarıqların əhəmiyyəti və gündəlik həyatda rolu haqqında danışıb. O, psixoloji dayanıqlığın gücləndirilməsi üçün tələbələrə praktiki tövsiyələr təqdim edib.
Seminar interaktiv formada davam edib, tələbələrin mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb.