UNEC Tələbə Gənclər Təşkilatının tərkibində fəaliyyət göstərən UNEC CareerPlus proqramı çərçivəsində tələbələrlə növbəti görüş baş tutub.
Görüşün qonağı “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri, UNEC məzunu Həsən Quliyev olub. O, tələbələrlə uğurlu karyera yolu, risklərin effektiv idarə olunması və şəxsi inkişaf istiqamətində qazandığı təcrübələri bölüşüb, real iş mühitindən nümunələr əsasında tövsiyələr verib.
Tədbir çərçivəsində “Bank of Baku”nun HR və PR komandası tərəfindən xüsusi stend təşkil olunub, tələbələrə müxtəlif hədiyyələr təqdim edilib. Eyni zamanda bankın innovativ həllərindən biri olan “BOBOT” robotunun təqdimatı iştirakçıların böyük marağına səbəb olub.
Tədbirdə həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü və CareerPlus – tələbə və gənc məzunların inkişaf proqramının rəhbəri Nicat Əliyev də iştirak edib. Onunla gənclərin inkişafına yönəlmiş təşəbbüslər və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
UNEC-in ISE, SABAH, Rəqəmsal İqtisadiyyat fakültəsi və digər fakültələrinin tələbələrinin iştiraki ilə keçirilən tədbir UNEC CareerPlus klubunun rəhbəri Nahid Dadaşovun dəstəyi ilə baş tutub.
Qeyd edək ki, UNEC CareerPlus proqramı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşəbbüsü və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.