UNEC-in Türk Dünyası İqtisad fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və təhsil” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə açan fakültənin dekan müavini Cavahirxanım Məmmədova Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, Heydər Əliyev Azərbaycanda dövlət quruculuğu ilə yanaşı, təhsil sahəsinin inkişafını da daim prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlayıb. Onun rəhbərliyi dövründə ölkədə təhsil sisteminin modernləşdirilməsi, milli kadr hazırlığının gücləndirilməsi və gənclərin savadlı, vətənpərvər ruhda yetişdirilməsi istiqamətində mühüm addımlar atılıb.
Çıxış zamanı vurğulanıb ki, Ümummilli Liderin təhsilə göstərdiyi diqqət və qayğı bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkədə təhsil infrastrukturunun yenilənməsi və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.
Seminar çərçivəsində Heydər Əliyevin zəngin həyat yolunu, siyasi fəaliyyətini və Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.