“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” və Dövlət Komissiyasının İş Planının icrası ilə bağlı olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin və Səbail Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə tələbələr və valideynləri üçün “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, narkotik vasitələrin və digər zərərli vərdişlərin gənclərin sağlamlığına, psixoloji durumuna və cəmiyyətin gələcəyinə ciddi təhlükə yaratdığını vurğulayıb, bu kimi maarifləndirici tədbirlərin tələbələrin düzgün istiqamətləndirilməsi, onların sağlam həyat tərzinə təşviq olunması və zərərli vərdişlərdən uzaq tutulması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov çıxış edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın müasir dövrdə bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olduğunu bildirib, bu zərərli vərdişlərin insanların sağlamlığına, mənəvi dəyərlərə, ailə institutuna və cəmiyyətin təhlükəsizliyinə ağır zərbə vurduğunu diqqətə çatdırıb, xüsusilə gənclərin narkotik aludəçiliyindən qorunmasının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində ardıcıl əməliyyat-profilaktik tədbirlərin həyata keçirildiyini, maarifləndirmə işlərinin genişləndirildiyini və təhsil müəssisələri ilə birgə təşkil olunan belə görüşlərin gənclərin düzgün istiqamətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, tələbələri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi sürməyə, vətənə və cəmiyyətə faydalı gənclər kimi formalaşmağa çağırıb.
Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Aqil Xudiyev “Narkotik əsrin bəlasıdır” mövzusunda çıxış edərək narkotik vasitələrin insan sağlamlığına, xüsusilə yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafına ciddi zərər vurduğunu bildirib, zərərli vərdişlərin doğurduğu ağır fəsadlardan danışıb, gənclərin bu təhlükələrdən qorunmasında ailə, məktəb və cəmiyyətin birgə məsuliyyət daşıdığını vurğulayıb və tələbələri sağlam həyat tərzi sürməyə, asudə vaxtlarını səmərəli təşkil etməyə çağırıb.
Bakı şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı “Zərərli vərdişlərə yox deyək” mövzusunda çıxış edərək narkotik vasitələrin və digər zərərli vərdişlərin insan psixologiyasına, davranışlarına və sosial həyatına mənfi təsir göstərdiyini qeyd edib, bu problemlərin ilkin mərhələdə aşkar edilməsinin və profilaktik tədbirlərin görülməsinin vacibliyini vurğulayıb, gənclərin sağlam həyat tərzi seçməsində ailə dəstəyi, maarifləndirmə və düzgün sosial mühitin rolunu diqqətə çatdırıb.
Sonda narkomaniyanın fəsadlarını və ondan xilas olmanın yollarını əks etdirən videoçarx nümayiş olunub.