UNEC rektoru, professor Ədalət Muradov universitetdə yeni seçilən tələbə dekanlarla görüş keçirib.
UNEC-də ilk dəfə təşkil olunan Tələbə-dekan seçkilərinin uğurla başa çatması münasibətilə gəncləri təbrik edən rektor, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə çıxış edən Ədalət Muradov universitet idarəçiliyində tələbələrin fəal iştirakının vacibliyini vurğulayıb. O bildirib ki, tələbə dekan seçkilərinin əsasında müasir universitet quruculuğu fəlsəfəsi dayanır və bu yanaşma tələbələrin universitet həyatında və idarəetməsində rolunun gücləndirilməsinə xidmət edir.
Rektor qeyd edib ki, UNEC-də tələbələrin təşəbbüsü ilə onların maraq dairələrini əhatə edən 24 tələbə təşkilatı fəaliyyət göstərir və bu təşkilatlar tələbələrdə liderlik, idarəetmə, təşəbbüskarlıq, eləcə də komanda ilə işləmək bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Ədalət Muradov vurğulayıb ki, müasir universitet modeli tələbələrin idarəetmə prosesində daha geniş təmsil olunmasını nəzərdə tutur: “Gələcəyin universiteti fərqli idarəetmə modelinə malikdir və bu modelin əsas xüsusiyyətlərindən biri tələbələrin idarəetmədə birbaşa iştirakçı tərəfə çevrilməsidir.”- deyə o bildirib.
Rektor tələbə dekanların fəaliyyəti ilə digər tələbə təsisatlarının işinin əlaqələndirilməsinin vacibliyini qeyd edərək, tələbə özünüidarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdiyini bildirib. O, həmçinin uzun müddətdir üzərində çalışılan Tələbə Senatının yaradılması layihəsini diqqətə çatdırıb.
Görüş zamanı tələbə dekanlarının fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr, tələbələrin gözləntiləri və universitet həyatında onların rolunun artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, tələbə təşkilatları tələbələrin maraqlarını təmsil edən, onların təşəbbüslərini dəstəkləyən və universitet rəhbərliyi ilə tələbələr arasında mühüm körpü rolunu oynayan təsisatlardır. Məqsəd tələbələrin səsinin daha güclü eşidilməsinə, onların universitet həyatında daha fəal iştirakına və tələbə özünüidarəetmə mexanizmlərinin gücləndirilməsinə nail olmaqdır.