Biznes və menecment fakültəsində geniş tərkibdə Elmi Şura iclası keçirilib.
Elmi Şuranın budəfəki iclasında fakültə imtahana nəzarət komissiyasının sədri, mentor və tyutor xidmətlərinin rəhbərləri ilə yanaşı, Valideynlərdən ibarət imtahan müşahidə şurasının sədri də iştirak edib.
Şurada fakültə dekanı, dosent Mirağa Əhmədov qış imtahan sessiyasının gedişatı ilə bağlı çıxış edib. Bu ildən fakültədəki imtahan sessiyasına Valideynlərdən ibarət imtahan müşahidə şurasının da nəzarət etdiyini bildirən M.Əhmədov şurada onların imtahan prosesi barədə ilkin hesabatının dinləniləcəyini qeyd edib.
Valideynlərdən ibarət imtahan müşahidə şurasının sədri Mərkəz Paşayev fakültədə qış imtahan sessiyasının müşahidə şurasının üzvləri tərəfindən mütəmadi olaraq izlənildiyini diqqətə çatdırıb. Bildirib ki, şura üzvləri sessiya dövründə imtahan prosesi ilə yanaşı, kafedralarda apelyasiya müraciətlərinin araşdırılmasını müşahidə ediblər, tyutor və mentor xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar, eləcə də, tələbələr arasında sorğular aparıblar. M.Paşayev hesabatında imtahanların obyektiv və şəffaf keçirildiyini, müraciətlərin operativ araşdırıldığını, tyutor və mentorların öz vəzifələrinə məsuliyyətlə yanaşdıqlarını, tələbələrin böyük əksəriyyətinin isə sorğulara müsbət cavab verdiklərini qeyd edib. O, müşahidələrin sessiyanın sonuna kimi davam edəcəyini diqqətə çatdırıb.
İclasda Fakültə imtahana nəzarət komissiyasının üzvü, professor Arif Şəkərəliyevin, tyutor və mentor xidmətlərinin rəhbərlərin imtahan prosesi ilə bağlı ilkin hesabatları dinlənilib.