A

UNEC-in Maliyyə və mühasibat fakültəsinin birinci kurs tələbələri ilə görüşlər keçirilib.

Görüşlərdə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova, fakültə dekanı, dosent Gəray Musayev, kafedra müdirləri, professor Əvəz Ələkbərov və professor Sifariz Səbzəliyev iştirak ediblər.

Görüşlərdə tələbələrə UNEC-də həyata keçirilən yeniliklər barədə məlumat verilib, universitetin beynəlxalq əlaqələrindən, ikili diplom proqramlarından danışılıb. Bildirilib ki, tələbələr 4 il müddətində UNEC ilə yanaşı, Avropanın aparıcı universitetlərinin də diplomlarını əldə edə bilərlər.

Tələbələrə UNEC-in xüsusi təqaüd proqramlarından danışılıb. Qeyd edilib ki, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə ikinci əlaçı təqaüdü verilir. Həmçinin, 600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olunan hər bir tələbə bir semestr boyunca universitet hesabına əlavə təqaüd alır.

Görüşdə son illər ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında ciddi irəliləyişin olduğu, bu il də II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan 313 abituriyentin məhz UNEC-i seçdiyi bildirilib. Onlardan 106 nəfərin Maliyyə və mühasibat fakültəsində təhsil aldığı, fakültə üzrə ən yüksək göstəricinin isə 661 bal olduğu qeyd edilib.

Qeyd edək ki, Maliyyə və mühasibat fakültəsinə 2019/2020-ci tədris ilində 573 tələbə qəbul olub ki, onların da 299 nəfəri “Maliyyə”, 224 nəfəri “Mühasibat uçotu və audit”, 50 nəfəri isə “Statistika” ixtisasını seçib.

TOP XƏBƏRLƏR