A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və dizayn fakültəsinin bir qrup tələbəsinin Nəsimi ilə bağlı əl işləri “İçərişəhər” metrostansiyasının vestibülündə sərgilənib.

Sərgi UNEC və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə yaradıcılığı ilə elmi-ədəbi fikrin diqqət mərkəzində olan mütəfəkkirin zəngin irsini əks etdirən 14 rəsm əsəri nümayiş etdirilib.

Sərginin açılışında bildirilib ki, Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizdə geniş şəkildə keçirilən tədbirlərdən biri kimi bu sərgi də böyük əhəmiyyətə malikdir. Çünki sərgi gələcək həyatı heç də birbaşa rəssamlıqla bağlı olmayacaq gəncliyin nümayəndələrinin əl işlərindən ibarətdir. Bunu həm mütəfəkkirin yaradıcılığına, həm də Azərbaycanın zəngin mədəni irsinə adi vətəndaş və ziyalı baxış bucağı da adlandırmaq olar. Layihə UNEC-in tələbələrinin yaradıcı potensialının müəyyən edilməsi və inkişaf etdirilməsi, geniş ictimaiyyətə tanıdılması və yeni nəsil arasında elmi-mədəni dəyərlərin təbliği baxımdan yüksək qiymətləndirilib.

Stansiyada keçirilən sərgi həm iştirakçıların, həm də sərnişinlərin böyük marağına səbəb olub. Nəsiminin həyat və yaradıcılığının rəsmlərlə inikası tamaşaçılara əsl zövq bəxş edib.

Sərginin gedişində Nəsiminin qəzəllərinə bəstələnmiş musiqi kompozisiyaları da səsləndirilib.

Müəlliflər rəsm əsərləri ilə maraqlananlarla söhbət edib, çəkdikləri əsərlərin mövzusundan və tətbiq etdikləri texnikadan danışıb, həvəs göstərənlərə tövsiyələrini veriblər.

TOP XƏBƏRLƏR