A

UNEC kollektivi Qarabağ müharibəsində şəhid olan UNEC məzunu Qaratel Hacımahmudovanın məzarını ziyarət ediblər.

Mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən dosent Elçin Səmədov, Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev və  tələbələr “Sənaye malları əmtəəşünaslığı” ixtisası üzrə məzun olmuş şəhid Qaratel Hacımahmudovanın Şəhidlər xiyabanında məzarını ziyarət etmiş, məzarı önünə gül dəstələri düzərək, əziz xatirəsini yad ediblər.

Sonra UNEC kollektivi şəhidin ailəsinə baş çəkib. Qaratelin bacısı Mənşurə xanım, qardaşı Hümbət müəllim şəhid haqqında xatirələrini bölüşüblər. Həmişə yüksək vətənpərvərliyi və cəsarətilə seçilən Qaratelin keçən əsrin 80-ci illərinin sonlarından Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayan vaxtlardan özünə yer tapa bilmədiyi, işğalçılardan qisasın alınması, torpaqlarımızın qaytarılması arzusu ilə yaşadığı qeyd olundu. Baş verən hadisələrə etiraz səsini qaldıran Qaratelin tez-tez meydanlara üz tutduğu, Azərbaycanın haqq səsini bütün dünyaya ucaltmaq istəyi xüsusilə vurğulandı. 1990-cı ilin 20 Yanvar hadisələrinə də şəhərin meydanlarında kəskin etirazını bildirməyə özündə cəsarət tapan Qaratelin, sovet ordusunun əsgəri qarşısında Azərbaycan bayrağına böyük məhəbbətini bildirdiyinə görə kobud rəftar nəticəsində xəsarət aldığı bildirildi.

1991-ci ildə Qaratelin doğulub boya-başa çatdığı Qazax rayonunun Aşağı Əskipara kəndinin erməni quldurlarının hücumlarına məruz qaldığını bildirən ailə üzvləri, onun haqsızlıqlara dözməyərək Aşağı Əskipara kəndində yaranan könüllü özünümüdafiə dəstəsinin tərkibində cəbhəyə yollandığını diqqətə çatdırdılar. Aşağı Əskipara kəndi güclü hücuma məruz qalanda belə, Qaratelin kənddən çıxmadığı, silahdaşları ilə birgə səngərlərdə yaxşı silahlanmış ermənilərə qarşı mərdliklə vuruşduğu qeyd olundu. Bildirildi ki, 14 iyun 1992-ci ildə Aşağı Əskipara kəndi düşmənin ağır hücumuna məruz qalaraq işğal olunanda, Qaratel düşmənlə son nəfəsinədək döyüşdü və düşmənin əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içərək, özünü güllə ilə vurub. 26 iyun 1992-ci il tarixdə ermənilər tərəfindən  başına pul mükafatı qoyulan, lakin şəxsiyyətini müəyyənləşdirə bilmədikləri Qaratel Hacımahmudovanın cəsədi başqa adla döyüşçü yoldaşlarının cəsədləri ilə birlikdə geri alındığı qeyd olundu.

Dosent Elçin Səmədov və professor Rövnəq Rzayev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Qaratelin doğmalarına şəhid məzun haqqında qiymətli xatirələrini bölüşdüklərinə görə təşəkkürlərini bildirərək, azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq Qaratel kimi igid övladlarının, mərd qızlarının keçdikləri həyat yolunun müasir gənclərimiz üçün örnək olduğunu, Vətən Müharibəsində iştirak etmiş əsgər və zabitlərimizin şücaəti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda apardığı davamlı islahatların nəticəsi olaraq işğal olunmuş ərazilərimizin qaytarılması Azərbaycanın azadlığı və müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin qanlarının yerdə qalmadıqlarını bir daha sübut etdi.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR