UNEC-in nəzdində Bakı Sosial-İqtisadi Kollecdə Vətən müharibəsində şəhid olan Elşən İbrahimovun anım mərasimi keçirilib.
Tədbirdə iştirak edən müəllimlər və şəhidin tələbə yoldaşı Şaban Babayev onun tələbəlik illərindən söhbət açıblar.
UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru, pedaqoqika üzrə elmlər doktoru Vidadi Orucov çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olmuş şəhidlərimizin intiqamını döyüş meydanında alındığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağını vurğulayıb.
Elşən İbrahimov 2002-ci il 27 martda Şəki şəhərində anadan olub. 2008-2019-cu illər ərzində Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə təhsil alıb. 2019-cu ildə Bakı Sosial İqtisad Kollecinin “Bank işi” ixtisasına qəbul olunub. 2020-ci ilin may ayında hərbi xidmətə çağırılıb, sentyabrın 27-də başlanan Vətən müharibəsinə yollanıb. Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək oktyabrın 4-də şəhid olub. Şəki şəhərində dəfn olunub.
Elşən İbrahimov ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.