Noyabrın 9-da UNEC-in tələbəsi, Vətən müharibəsinin şəhidi Əsəd Əsədlinin şəhaədətə ucalmasının ildönümü idi.
Şəhidin ildönümü münasibətilə UNEC Qiyabi və əlavə təhsil mərkəzinin rəhbərliyi, UNEC THİK nümayəndələri və Qiyabi təhsil şöbəsinin Vətən müharibəsində iştirak etmiş veteran tələbələri 3-cü Fəxri Xiyabanda şəhidin məzarını ziyarət edərək, əziz xatirəsini anıblar, məzarı önünə gül dəstələri qoyublar.
Qiyabi və əlavə təhsil mərkəzinin direktoru dosent Səbuhi Tanrıverdiyev anım günündə Əsəd Əsədlinin Vətən müharibəsinin ilk günlərindən təhsilini, işini və şəxsi həyatını yarımçıq qoyaraq könüllü Vətən Müharibəsinə yollandığını, qısa müddətdə bütün döyüş yoldaşlarının sevimlisinə çevrildiyini və müharibənin bitməsinə sayılı saatlar qalmış qəhrəmanlıq salnaməsi yazdığını deyib. Onun 21 döyüş yoldaşını mühasirədən çıxararaq Xocavənd uğrunda gedən ağır döyüşlərdə şəhadətə ucaldığını və Əsədin UNEC tələbəsi olmasından qürur və fəxarət hissi yaşadığıni bildirib.
Şəhidin atası Mahir Əsədov oğlu ilə bağlı xatirələrini bölüşüb, onun təhsil aldığı universitetin müəllim və tələbələrinin, eləcə də döyüş yoldaşlarının ziyarətindən Əsədin ruhunun da şad olacağından əminliyini ifadə edib.
Sonra Qiyabi təhsil şöbəsinin müdiri Yalçın Köçərli və UNEC THİK sədri Rüfət Süleymanlı çıxış ediblər, qiyabi təhsil alan tələbələr, Vətən Müharibəsinin iştirakçılarından qazi Həmid İskəndərov, veteranlar Bayram Osmanov, Nurlan Əhədli, Məhəmməd Əsədov, Laçın Zamanov qələbəyə gedən yoldan söz açıblar, Əsədin və bütün şəhidlərin xatirəsinin əbədi yaşayacağını bildiriblər.