UNEC-in Zaqatala filialında "Xocalı əsrin faciəsidir" adlı tədbir keçirilib.
Tədbirdən öncə filialın direktor müavini dosent Həqiqət Qədimovanın rəhbərliyi ilə bir qrup müəllim və tələbələr Zaqatala rayonunda məskunlaşmış Xocalı sakini Oruc müəllimin ailəsinə baş çəkilib. Həmçinin Xocalı abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb.
Tədbirin rəsmi hissəsində Dövlət Himni səsləndirilib, Xocalı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra filialın direktoru professor Orucəli Rzayev, direktor müavini dosent Həqiqət Qədimova, baş müəllimi Qüdrət Qırtımov çıxış edərək, Xocalıda baş vermiş soyqırımdan bəhs ediblər, bu faciəni bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayət adlandırıblar. Çıxış edənlər hər bir azərbaycanlının, xüsusən də gənclərin qarşısında duran mühüm vəzifələrdən birinin Xocalı soyqırımı və bütövlükdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətlərin olduğu kimi dünya ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayıblar.
Tədbirdə tələbələrin hazırladıqları bədii kompazisiya və videoçarx nümayiş olunub.