A

UNEC-də Vətən müharibəsində şəhid olmuş tələbə Əsəd Əsədlinin xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Qiyabi və əlavə təhsil mərkəzinin təşkil etdiyi tədbirdə Qiyabi təhsil şöbəsinin tələbələri, mərkəzin əməkdaşları və Əsəd Əsədlinin valideynləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Səbuhi Tanrıverdiyev Əsəd Əsədli ilə bağlı xatirələrini bölüşərək, onun işıqlı, vətənpərvər və çox səmimi bir gənc olduğunu deyib. Əsədin Vətən müharibəsinin ilk günlərindən baş verən hadisələrə laqeyd qala bilməyərək, Qarabağın azadlığı uğrunda müharibəyə könüllü qoşulduğunu və əsl qəhrəman kimi şəhidlik zirvəsinə ucaldığını bildirib. Mərkəzin direktoru şəhidlərin adlarının UNEC-də daima uca tutulduğunu diqqətə çatdıraraq, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində universitetdə görülən işlərdən də danışıb.

Əsəd Əsədlinin anası Səidə xanım övladının vətən sevgisindən, onun hələ uşaqlıqdan itirilən torpaqları geri qaytarmaq istəyindən söz açıb. Övlad itkisinin hər bir valideyn üçün ağır olduğunu deyən şəhid anası, oğlunun şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini, onunla qürur duyduğunu bildirib.

Əsədin atası Mahir Əsədov çıxışında övladının arzularından danışıb, onun vətən sevgisinin arzularından da üstün tutduğunu vurğulayıb. M.Əsədov şəhidlərin xatirəsinin daima yad edilməsinin hər bir Azərbaycan övladının mənəvi borcu olduğunu, onların qəhrəmanlıqlarının təbliğinin gənclərin vətənpərvər yetişmələrində böyük rol oynadığını diqqətə çatdırıb.

Sonra Qiyabi təhsil şöbəsinin tələbələri Əsəd Əsədlinin timsalında bütün şəhidlərin xatirəsinə həsr edilmiş şeirlər, kompozisiyalarla çıxış ediblər. Tələbələrin ifasında Əsədin Vətən müharibəsinə yollanarkən anası Səidə xanımla son görüş səhnəsi iştirakçılara duyğulu anlar yaşadıb.

Görüşdə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev Vətən müharibəsində, oktyabrın 18-də qələmə aldığı “Qarabağa qayıdırıq!” şeirini də səsləndirib.

TOP XƏBƏRLƏR