Səbail RİH təşkilatçılığı ilə “İdeoloji maarifləndirmə konsepsiyası” tədbirlər planı çərçivəsində UNEC tələbələri ilə görüş keçirilib.
Tədbirdə millət vəkili Sevil Mikayılova, Səbail RİH başçısının müavini Kəmalə Həşimova, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva, Səbail RİH-in yanında ictimai şuranın üzvü, Vətən müharibəsi qazisi Ramin Şirinov və icra hakimiyyətinin digər nümayəndələri iştirak ediblər.
UNEC-in prorektoru dosent Səadət Qəndilova qonaqlara UNEC-də fəaliyyət göstərən tələbə təşkilatları, eləcə də tələbələrin iştirakı ilə keçirilən tədbirlər, sosial layihələri barədə ətraflı məlumat verib.
Sonra millət vəkili Sevil Mikayılova, Səbail RİH başçısının müavini Kəmalə Həşimova, Səbail Rayon Gİİ-nin rəisi Elnarə Əliyeva, Vətən müharibəsi qazisi Ramin Şirinov çıxış edərək, ölkəmizdə elm, təhsil, iqtisadiyyat, səhiyyə, mədəniyyət və digər sahələrdə aparılan uğurlu islahatlardan danışıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində düşmən işğalından azad olunmuş əzəli doğma torpaqlarımızın dirçəldilməsi, tarixi, dini və mədəni abidələrin bərpası istiqamətində görülən işlərdən söz açıblar.
Görüşdə gənclərin vətənpərvər ruhda yetişdirilməsinin dövlətin daim diqqət mərkəzində saxlanıldığı və bu istiqamətdə mütəmadi olaraq ideoloji maarifləndirmə tədbirlərinin keçirilməsinə xüsusi önəm verildiyi bildirilib.
Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.