Fevralın 26-da UNEC-də tədris olunan ilk dərslər Xocalı soyqırımına həsr olunub.
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənən “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən, təşkil olunan dərslərin məqsədi gənc nəslə XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, onlara soyqırımı həqiqətlərini çatdırmaqdır.
UNEC-in bütün tədris binalarında, Zaqatala filialında və UNEC nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecində dərslər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dərs zamanı tələbələrə Xocalının coğrafi mövqeyi, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən bəhs olunub. Eyni zamanda, faciə nəticəsində öldürülən, yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikası və soyqırımı törədənlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, UNEC-in bütün fakültələrində, Zaqatala filialında və UNEC nəzdində Azərbaycan Maliyyə İqtisad Kollecində Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilib. Tələbələrə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi mərhələli soyqırımı siyasəti barədə ətraflı məlumat verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən söz açılıb.
Xocalı soyqırımını insanlığa qarşı cinayət adlandıran UNEC-in əcnəbi tələbələri soyqırımı qurbanlarının xatirəsinə ucaldılan xatirə ağacından çox təsirləndiklərini deyiblər. Əfqanıstan vətəndaşı Muhammed Vahidulla ağacın 613 yarpağının hərəsində bir faciə qurbanının adının həkk edilməsini çox təsirli olduğunu bildirib: “Bu ağacın qarşısından keçərkən onları ehtiramla yad edir, müharibədə neçə-neçə günahsız insanın ömrünün yarımçıq qalmasına təəssüf edirəm. Hesab edirəm ki, dünya bu ədalətsizliyə göz yummamalıdır”.