A

Aprelin 6-da Fransanın Montpellier Universitetində UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Montpellier Universiteti arasında ikili diplom razılaşması imzalanıb. Razılaşma UNEC-in rektoru professor Ədalət Muradovun Montpellier Universitetinə səfəri çərçivəsində imzalanaraq, hər iki universitetin tələbələrinə “İqtisadiyyat”, “Dünya İqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat” və “Biznesin təşkili və idarə edilməsi” ixtisasları üzrə UNEC və Montpellier Universitetlərinin diplomlarını əldə etmək imkanı verəcək.Eyni ixtisas üzrə həm Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) həm də Fransanın Montpellier Universitetinin diplomunu almağa imkan verən proqramda ilk iki tədris ilini UNEC-də təhsil almış və 120 kredit qazanmış mükəmməl ingilis dili bilikləri olan tələbələr iştirak edə bilər. 3-cü kursda proqram üçün artıq seçilmiş tələbələrə iki variant üzrə təhsillərini davam etdirmək imkanı veriləcək.Birinci variantı seçmiş tələbələr 3-cü kurs təhsillərini Montpellier Universitetində davam etdirəcəklər. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra tələbələr UNEC-ə geri dönərək, təhsillərini 4-cü kursdan davam edəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpellier Universitetinin tələbə kartları veriləcək.

Ikinci variant olaraq tələbələrimizə Azərbaycan Dövlət İqtisad Universiteti və Montpellier Universitetinin təhsil proqramlarına uyğunlaşdırılmış proqram üzrə 3-cü kurs təhsilllərini UNEC-də davam etdirmək təklif olunur. Bu zaman tələbələrimiz bəzi fənlər üzrə Montpellier Universitetindən dəvət olunmuş tanınmış professorların dərslərində iştirak etməklə həm UNEC, həm də Montpellier Universitetinin tələb olunan kreditlərini alacaqlar.İstər birinci variant, istərsə də ikinci variantı seçmiş tələbələr təhsillərinin 3-cü  kursunda tələb olunan kreditləri qazandıqdan sonra sonuncu tədris ilini UNEC-də davam etdirəcəklər. Hər iki universitetin professorlarının rəhbərliyi altında buraxılış işlərini uğurla müdafiə etmiş tələbələrimizə həm UNEC-in, həm də Montpellier Universitetinin diplomları təqdim olunacaq.Bu proqram UNEC tələbələrinə Montpellier Universitetinin professorları ilə elmi tədqiqat işlərini yerinə yetirmək imkanı da verir.

Proqram üçün seçilmiş tələbələrə hər iki universitet tərəfindən ölkələrə səfər etmək üçün viza və miqrasiya məsələlərində, yaşayış ünvanlarının müəyyən olunması və bank əməliyyatlarında dəstək göstəriləcək.Həmçinin tələbələr üçün universitet, yerli ənənələr, ölkə mədəniyyəti və sosial həyatla tanışlıq məqsədilə  inteqrasiya həftəsi təşkil ediləcək.Fransanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Montpellier Universiteti ilə əlaqələrin qurulmasına Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən ilin fevral ayında Paris şəhərində keçirilən “Campus France” tədbiri çərçivəsində başlanıb. Belə ki, tədbirdə ikitərəfli görüş zamanı UNEC və bu ali təhsil müəssisəsi arasında geniş miqyaslı əməkdaşlığın istiqamətləri müəyyən olunaraq universitetlər arasında razılaşmaların imzalanması qərarlaşdırılıb.Əsası XII-ci əsrdən qoyulmuş Montpellier 1 və Montpellier 2 Universitetlərinin birləşməsi olan Montpellier Universiteti elm, texnika və tibb, hüquq və iqtisadiyyat üzrə beynəlxalq səviyyədə nüfuzlu qəbul edilmiş təhsil xidmətləri təqdim etməkdədir. Bu mənada Universitet Şanxay Akademik Reytinqi və QS reytinqində yer tutmaqdadır. Həcminə görə Montpellier Universiteti Fransada 6-cı yerdədir. Burada 41 000 tələbə (16% əcnəbi tələbələr olmaqla) o cümlədən 1700 doktorant təhsil alır və 4300 elmi tədqiqatçı müxtəlif sahələr üzrə çalışır.

TOP XƏBƏRLƏR