Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Macarıstanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra görüşlər keçirib.
Görüşlərdə UNEC-in Beynəlxalq əlaqələr üzrə prorektoru, i.f.d. Hüseyn Həsənov, Maliyyə və Təminat Departamentinin direktoru, baş mühasib Seymur Nəcəfov, Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Rauf Məmmədov, Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə və rektorun referenti Günel Əhmədova iştirak ediblər.
Səfər çərçivəsində Corvinus University of Budapest, Budapest University of Technology and Economics (BME), Obuda University, Mathias Corvinus Collegium, Wekerle University, Milton Friedman University, Budapest Metropolitan University və Budapest University of Economics and Business daxil olmaqla, ümumilikdə ona yaxın görüş keçirilib.
Görüşlər fonunda UNEC-in əməkdaşlıq etdiyi Macarıstan universitetlərinin elmmetrik göstəriciləri 2025-ci il üzrə Scopus nüfuzlu elmi nəşr platformasının məlumatları əsasında müqayisəli şəkildə təhlil olunub. Təhlilin nəticələrinə görə bir sıra mühüm göstəricilər üzrə UNEC-in üstün mövqedə olduğu müəyyən edilib.
Belə ki, elmi əsərlərin sayı üzrə Budapest University of Technology and Economics (1745) birinci yerdə qərarlaşsa da, UNEC 1032 elmi əsərlə ikinci, Obuda University isə 901 elmi əsərlə üçüncü yeri tutub. İstinad sayı göstəricisinə görə isə UNEC 2844 istinadla birinci yerdə qərarlaşıb.
Elmi sahə üzrə normallaşdırılmış sitat təsiri (FWCI) göstəricisinə əsasən UNEC 2,32 göstərici ilə lider mövqedədir. Eyni zamanda sitat göstəricilərinə görə ən yüksək 10 faizliyə daxil olan elmi nəşrlərin payı (27,5%), nəşr üzrə orta sitat göstəricisi (2,9), beynəlxalq müəllifliklə hazırlanmış nəşrlərin payı (85%) və cari il üzrə h-index göstəricisi (21) üzrə də UNEC birinci yeri tutur.
Ümumilikdə Scopus platformasının məlumatları əsasında aparılan təhlilə görə ali təhsil müəssisələri yeddi əsas elmmetrik göstərici üzrə qiymətləndirilib və bu göstəricilərdən altısı üzrə UNEC lider mövqedə qərarlaşıb.
Bununla yanaşı, UNEC ilə Macarıstan universitetlərinin akademik heyəti arasında həmmüəllifli elmi əsərlərin sayı da diqqət çəkir. Belə ki, 2024–2026-cı illər ərzində Budapest University of Technology and Economics ilə 19, 2018–2025-ci illərdə Obuda University ilə 13, 2022–2025-ci illərdə Corvinus University of Budapest ilə 5, 2023–2024-cü illərdə isə Budapest Metropolitan University ilə 3 birgə elmi əsər dərc olunub.