A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması – REFRESH” layihəsi çərçivəsində İsveçin KTH Kral Texnologiya İnstitutuna (KTH) təcrübə səfəri baş tutub.

Səfərdə UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, MDU, LDU, GDU, SDU və Azərbaycan Texnologiya Universitetinin nümayəndələri iştirak ediblər.

Beş günlük təcrübə səfərində, nümayəndə heyətinə KTH-də enerji texnologiyası, ətraf mühitin dayanıqlılığı və ali təhsilin müxtəlif aspektlərinə dair bir sıra tədbirlər və seminarlar keçilib. Sözügedən təbirlərdə Azərbaycanın COP29-a sədrlik etməsinin əhəmiyyəti haqqında müzakirə sessiyası da təşkil olunub.

Görüşün ilk günündə UNEC-in əməkdaşı Rauf Məmmədov REFRESH layihəsinin fəaliyyəti ilə bağlı çıxış edib. Sonra isə enerji, ətraf mühit və iqlim dəyişikliyinə həsr olunan seminarlara keçirilib. Yerli tərəfdaş nümayəndə heyəti KTH-nin Enerji Texnologiyaları Departamentinin fəaliyyəti, eyni zamanda dayanıqlı enerji mühəndisliyi laboratoriyaları ilə tanış olaraq, innovativ texnologiyaları və davamlı təcrübələri əyani formada izləmək imkanı əldə ediblər.

Səfərin növbəti günlərində KTH-də enerji tədqiqatlarının təşkilinə dair təqdimatlar, xüsusilə də Enerji Platformasına diqqət yetirilib. Yerli nümayəndə heyəti ilə KTH arasında enerji və iqlim dəyişikliyi sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Ali təhsildə rəqəmsal alətlər və texnologiyalar, yaşayan şəhərlər təşəbbüsü və effektiv ictimai tərəfdaşlıqlar üzrə müzakirə edilən məsələlər arasında olub.

Təcrübə səfərinin yekununda REFRESH layihəsinin menecment görüşü keçirilib. Görüşdə layihənin qarşısında duran növbəti mərhələlər və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR