Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Macarıstana işgüzar səfərdədir.
UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Elçin Eyvazov, UNEC Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev və UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli Macarıstanın Miskolc şəhərində yerləşən Miskolc Universitetində qonaq olublar.
Görüşdə Miskolc Universitetinin Ümumi və elmi işlər üzrə prorektoru prof. Peter Szücs, İqtisadiyyat fakültəsinin dekanı prof. Mariann Verbes Samosi, həmin fakültənin dekan müavini Dr. Szabolcs Nagy, Beynəxalq Əlaqələr və Erasmus+ ofisinin rəhbəri Kristina Szoke və universitetin digər əməkdaşları iştirak ediblər.
Görüş zamanı UNEC-in nümayəndə heyəti universitetdə son illərdə əldə etdiyi nailiyyətlər haqqında təqdimat çıxış ediblər. Miskolc Universitetinin əməkdaşları UNEC-in qazandığı uğurları, nailiyyətləri yüksək təqdir edərək, bir sıra məsələlərdə, xüsusilə tədrisin elektronlaşdırılması ilə bağlı təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildiriblər. İki universitet arasında əməkdaşlığın real istiqamətlərinin müzakirəsi və həyata keçirilməsi, ikili diplom proqramlarının reallaşdırılması, tələbə və müəllim mübadiləsi həmçinin mövcud əlaqələrin gücləndirilməsi, beynəlxalq reytinqlərdə irəliləməklə bağlı birgə fəaliyyətin qurulmasını müzakirə ediblər.
UNEC-in əməkdaşları Miskolc Universitetində tələbələr qarşısında “Dövlətin iqtisadi siyasəti”, “Beynəlxalq iqtisadiyyat”, “Ali təhsildə beynəlmiləlləşmə” mövzularında məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, Miskolc Universiteti Macarıstanın köklü universitetərindəndir, əsası 1735-ci ildə qoyulmuş Selmec Academy-nin bazasında yaradılmışdır. İqtisadyönümlü universitetdə 11 mindən çox tələbə təhsil alır. Universitet Mexaniki mühəndislik ixtisasları üzrə dünya reytinqlərində ilk 500-lükdə qərarlaşmışdır.