UNEC-in nümayəndə heyəti İspaniyanın Barselona şəhərində “Avropa ali təhsil məkanının tələblərinə uyğun olaraq Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsi – “NİZAMİ” ” Erasmus+ layihəsi çərçivəsində keçirilən növbəti görüşdə iştirak edib.
UNEC-in Doktorantura şöbəsinin müdiri, dosent Həmid Həmidov və Beynəlxalq Əməkdaşlıq Departamentinin mütəxəssisi Aysel Musayevanın qatıldığı görüşdə layihənin keyfiyyət planı, milli portalın idarə edilməsi, kommunikasiya və menecment işçi paketləri üzrə müzakirələr aparılıb. UNEC nümayəndələri 4 nömrəli işçi paketinin rəhbəri olduğu layihə çərçivəsində universitetdə görülən işlərdən danışıb, professional bacarıqların inkişafı barədə təqdimatla çıxış ediblər.
Sonda avropalı tərəfdaşlar layihə çərçivəsində Azərbaycan universitetlərində aparılan islahatlar haqda fikir mübadiləsi aparıb, təkliflər səsləndiriblər.
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və 9 ali təhsil müəssisəsinin, eləcə də Avropanın 5 aparıcı universitetinin iştirak etdiyi NİZAMİ milli layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır. Layihənin icrasına 2015-ci ildə başlanılıb və ölkə üzrə koordinatoru Təhsil Nazirliyidir.