A

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Ege Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Əsas məqsədi universitetlər arasında ikitərəfli əməkdaşlığı gücləndirmək və qarşılıqlı mübadiləni təmin etmək olan sənədi UNEC rektoru, professor Ədalət Muradov və Ege Universitetinin rektoru, professor Necdet Budak imzaladılar. Tərəfdaş universitetlər arasındakı əməkdaşlıq akademik və mədəni əlaqələrin təmin edilməsi perspektivləri əsasında həyata keçiriləcəkdir. Bu əməkdaşlıq hər iki universitetdə təqdim edilən bütün sahələrdə təhsil və tədqiqat fəaliyyətlərini əhatə edir. Əməkdaşlıq dairəsinə müəllimlərin və ya tədqiqatçıların mübadiləsinin həyata keçirilməsi, universitetlərin doktorantlarının, müəllim və ya tədqiqatçıların tərəfdaş universitetə qəbulunun həyata keçirilməsi, birgə tədqiqat və tədqiqat nəticələrinin nəşr olunmasına təşviq edilməsi, tələbə mübadiləsi, qarşılıqlı tanınmaya əsaslanan bakalavr və magistratura səviyyələrində ikili diplom proqramlarının həyata keçirilməsi və digər sahələr daxildir. Müqaviləyə əsasən, UNEC və Ege Universiteti arasında qida məhsulları texnologiyaları ixtisası üzrə ikili diplom proqramı istiqamətində əməkdaşlığa dair razılıq da əldə olunub.

İmzalanma mərasimi zamanı UNEC rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, Ulu öndər Heydər Əliyevin dəstəyi və qayğısı nəticəsində Azərbaycanda təhsilin inkişaf etdirilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təhsil sistemini ən müasir səviyyəyə yüksəldiyini qeyd etdi. Əldə edilmiş nailiyyətlərə toxunduqdan sonra UNEC-in ölkədə türk dilində ali iqtisadi təhsil verən yeganə universitet olduğunu bildirən rektor, professor Ədalət Muradov Türk Dünyası İqtisad Fakültəsində həyata keçirilən işlər barədə söz açdı. UNEC-in Rusiya Federasiyasında filiala sahib olan yeganə xarici universitet olduğunu bildirən rektor, Azərbaycan Dövlət İqtisad Universitetinin LSE (İngiltərə), Monpelye (Fransa) kimi dünyaca tanınmış universitetlərin daxil olduğu ikili diplom proqramlarının geniş beynəlxalq şəbəkəsinə sahib olduğunu bildirdi.

UNEC-in aparıcı dünya universitetləri ilə ikili diplom proqramlarının sayının və coğrafiyasının genişləndirilməsi üzərində çalışdığını bildirən rektor, universitetdə tədris keyfiyyətinin daha da artırılması üzərində daim aparılan işlərə toxundu.

Rektor həyata keçirilən bütün tədbirlərin, layihələrin əsas məqsədinin UNEC-də yüksək ixtisaslı kadrların hazırlanması olduğunu bildirdi.

Öz növbəsində, Ege Universitetinin rektoru, professor Necdet Budak səmimi qarşılanmaya görə UNEC rəhbərliyinə minnətdarlığını bildirdi. Ege Universitetinin əsasən əczaçılıq, qida mühəndisliyi, kimya, təbabət, biomühəndislik kimi sahələrdə yüksək ixtisaslı kadrlar hazırladığını bildirdi.

Türkiyədə 206 universitetin fəaliyyət göstərdiyini bildirən qonaq, Ege Universitetinin onlar arasında 4-cü, dünya universitetləri üzrə isə 616-cı mövqedə qərarlaşdığını bildirdi.

UNEC ilə əməkdaşlığa start verilməsini yüksək qiymətləndirən rektor, professor Necdet Budak hər iki tərəfə bu önəmli işdə uğurlar arzuladı. 

TOP XƏBƏRLƏR