A

UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.

Elmi Şurada tədris üzrə prorektor dosent Gəray Musayev 2022/2023-cü tədris ilinin I semestri üzrə hibrid dərslərin təşkilinin təhlili haqqında təqdimatla çıxış edib. UNEC-də 53 fənn üzrə hibrid dərslərin təşkil olunduğunu bildirən G.Musayev hibrid dərslərin keyfiyyətinin ölçülməsi məqsədilə aparılan təhlillərin və tələbələr arasında aparılan sorğunun nəticələrini açıqlayıb. Bildirib ki, sorğuya əsasən, 91 faiz tələbə hibrid formada tədris edilən dərslərin texniki hazırlıq səviyyəsindən razı qalıb. Tələbələrin 62 faizi bütün dərslərin hibrid formada keçirilməsini istəyib.

Gəray Musayev bayram günlərinə təsadüf edən dərslərin əvəzlənməsi, tələbələrin səhhəti ilə bağlı təqdim edilən tibbi arayışların qəbul şərtləri, eləcə də imtahanlarda yenidən iştiraka əsas yaradan üzrlü səbəblərin müəyyən edilməsi, müvafiq fənlər üzrə imtahanlara buraxılmaq üçün qaib limitinin hesablanması, ara qiymətləndirmə və sessiya imtahanlarının vaxtının müəyyən edilməsi və digər məsələlərlə bağlı təkliflərlə çıxış edib. Təkliflər müzakirə olunduqdan sonra şura üzvləri tərəfindən qəbul edilib.

Sonra İmtahan mərkəzinin direktoru dosent Söhrab İsayev qış imtahan sessiyasının nəticələri və yaz imtahan sessiyasına hazırlıq haqqında hesabatla çıxış edib. Eyni zamanda UNEC-də 2023/2024-cü tədris ilindən tətbiq olunacaq imtahan qaydaları barədə təklifləri səsləndirib. Təkliflər dinlənildikdən sonra, təsdiqlənib.

Rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov isə UNEC-də 2022/2023-cü ildən “Flipped Education” (Çevrilmiş təhsil) modeli əsasında aparılan tədrisin təşkilinin nəticələri haqqında təqdimatla çıxış edib. R.Qasımov “Çevrilmiş təhsil” metodunun tətbiq olunduğu qruplarda tədrisin  təşkilinin  monitorinqinin nəticələri, fənlər üzrə mənimsəmə və keyfiyyət göstəriciləri, tədris metodunun üstünlükləri, tələbə biliyinin qiymətləndiriliməsi, tələbə məmnuniyyəti sorğularının nəticələri, 36 fənnin ara qiymətləndirmə üzrə müqayisəli təhlili barədə məlumat verib. Həmçinin “Çevrilmiş təhsil” metodunun növbəti tədris ilindən daha effektiv tətbiqi ilə bağlı təkliflərlə çıxış edib.

Qiyabi və əlavə təhsil mərkəzinin direktoru dosent Səbuhi Tanrıverdiyev UNEC-də Yay semestrinin hibrid təşkili barədə məlumat verib.

Elmu Şura cari məsələlərin müzakirəsi ilə davam edib.

TOP XƏBƏRLƏR