A

UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.

Elmi Şurada tədris üzrə prorektor dosent Gəray Musayev 2023/2024-cü tədris ilində UNEC-ə bakalavriat səviyyəsi üzrə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə hesabat verib. Hesabatda bakalavriaturaya qəbul planının 98,2 faiz yerinə yetirildiyi, 600 və daha yüksək bal toplayaraq, UNEC-ə qəbul olanların sayının ötən illə müqayisədə 16 faiz artdığı bildirilib. Dövlət sifarişi ilə təhsil alanların sayının ötən illərlə müqayisədə 3 dəfə artaraq, 80 faiz təşkil etdiyi diqqətə çatdırılıb. G.Musayev son beş ildəki qəbul planının statistikası və ixtisas seçiminin nəticələri barədə də məlumat verib.

Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı bu tədris ilində UNEC-ə qəbul olan əcnəbilər barədə hesabatı təqdim edib. Hesabatda UNEC-ə müraciət edən 201 əcnəbi vətəndaşdan 151 nəfərinin təhsil almaq hüququ qazandığı, bu rəqəmin son 8 illə müqayisədə 53% çox olduğu deyilib. Əcnəbilərdən 125 nəfərin bakalavr, 24 nəfərin magistratura, 2 nəfərin isə doktorantura pilləsinə qəbul olunduğu, onların əsasən Türkiyə, Çin, Rusiya, Gürcüstan və Türk dünyası dövlətlərinin vətəndaşları olduqları diqqətə çatdırılıb. Ümumilikdə isə UNEC-də 392 əcnəbi tələbənin təhsil aldığı qeyd olunub.

Sonra Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru (BMDM) dosent Fariz Əhmədov magistraturaya (6, 14, 19, 20, 21, 23, 26, 53-cü proqamlar) qəbulun nəticələri barədə təqdimatla çıxış edib. İqtisadiyyat və idarəetmə, texniki və texnoloji ixtisaslar, eləcə də SABAH Magistraturası “Elektron kommersiya” ixtisası da daxil olmaqla, 19 ixtisas üzrə 56 ixtisaslaşmaya qəbulun aparıldığını bildirib. O, qəbul planının 99,1 faiz yerinə yetirildiyini, dövlət sifarişli təhsil alan magistrantların 83 faiz təşkil etdiyini deyib. Magistraturaya qəbulda ən yüksək nəticə (100 bal) göstərən bakalavrın UNEC-i seçdiyini diqqətə çatdırıb.

Şuranın iclası Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyevin cari ildə təkrar ali təhsilə qəbulun nəticələri barədə hesabatl ilə davam edib. Qeyd olunub ki, təkrar ali təhsilə 22 ixtisas üzrə 173, Zaqatala filialında isə 16 tələbə qəbul olub.

UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev MBA proqramında 29 ixtisaslaşma üzrə qəbul planının 98,3 faiz yerinə yetirildiyini bildirib. Yüksək bal toplayaraq qəbul olanların sayının ötən illərlə müqayisədə artıdığını,  qəbul imtahanlarında 81-100 arasında bal toplayanlardan 354 nəfərin UNEC Biznes Məktəbini seçdiyini deyib. Fakültədə minimum balın 49, maksimum isə 93,5 bal olduğunu diqqətə çatdırıb.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib. “UNEC-in vəsaiti hesabına tədris vəsaitlərinin nəşr edilməsi Qaydaları” və “UNEC əməkdaşlarının “Scopus” bazasındakı istinadlarına görə mükafatlandırılması haqqında”  Qaydalar şura üzvləri tərəfindən təsdiqlənib.

Eləcə də iki yeni tədqiqat mərkəzinin – “UNEC Sosial iş və Sosial innovasiyalar Tədqiqat Mərkəzi” və “UNEC Riyazi Modelləşdirmə və Optimallaşdırma Tədqiqat Mərkəzi”nin yaradılmasına qərar verilib.

TOP XƏBƏRLƏR