UNEC-də Elmi Şuranın aprel ayı üzrə iclası keçirilib.
Şurada UNEC İmtahan mərkəzinin direktoru dos. Söhrab İsayev 2023/2024-cü tədris ilinin II semestri üzrə ara qiymətləndirmənin nəticələri haqqında hesabatla çıxış edib. Bildirib ki, 1379-u yazılı, 1525-i test üsulu ilə olmaqla, ümumilikdə 2094 qrupda imtahanlar keçirilib. S.İsayev imtahan nəticələri ilə bağlı apellyasiya müraciətlərinin, eləcə də intizam qaydalarının pozuntusu hallarının sayının ötən illərlə müqayisədə kəskin şəkildə azaldığını bildirib.
Sonra elm və innovasiya məsələləri üzrə prorektor dos. Fariz Əhmədov UNEC Tədqiqat Fondunun fəaliyyətinin 2023-cü il üzrə hesabatını məruzə edib.
UNEC-in Zaqatala filialının direktoru, rəqəmsallaşma üzrə prorektor dos. Raqif Qasımov filialda keçirilən “Xarici (ingilis, alman, fransız, rus) dildə işgüzar və akademik kommunikasiya” fənni üzrə ara imtahanlarında imtahan vaxtının uzaldılması ilə bağlı edilən dəyişikilyi şura üzvlərinin diqqətinə çatdırıb.
Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru prof. Zahid Məmmədov UNEC-in “Daxili qrantlar üzrə Qaydalar”ına dəyişiklik edilməsi barədə məruzə ilə çıxış edib.
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbərinin müavini dos. Aytən Hüseynli isə şura üzvlərini “UNEC-də vahid dissertasiyaların hazırlanması, təqdim edilməsi və qiymətləndirilməsi Qaydaları” ilə tanış edib.
Şurada ailə vəziyyətinə görə akademik məzuniyyətin verilməsi haqqında qaydalar da səsləndirilib. Tələbə İşləri Mərkəzinin direktoru Xalidə Yusifova qaydalara edilən dəyişikliyi şura üzvlərinin nəzərinə çatdırıb.
Hesabatlar və Qaydalara olunan dəyişikliklər dinlənildikdən sonra şura üzvlərinin təklifləri nəzərə alınaraq, qəbul edilib.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.
Sonda UNEC-in 7 əməkdaşına dosent elmi adının verilməsi ilə bağlı səsvermə keçirilib.