Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Britaniya Konsulluğunun (British Council) və Yelo Bankın dəstəyi ilə “Eko Dilçilik” mövzusunda Xarici Dil Müəllimlərinin II Beynəlxalq Forumu (IFFT)-2024 keçirilib.
Bakı Konqres Mərkəzində təşkil olunan beynəlxalq forumun açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov bildirib ki, “Eko Dilçilik” forumu “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunub və “Yaşıl UNEC” ili çərçivəsində təşkil olunan növbəti beynəlxalq tədbirdir. Rektor COP29-da qlobal səviyyədə ekomüzakirələrin aparılacağına diqqət çəkərək, dilçilik sahəsində ekoloji forumun keçirilməsinin və ekolinqvistika məfhumunun azərbaycan dili sahəsinə töhfə olacağını qeyd edib.
UNEC-də xarici dilin tədrisində tətbiq olunan yeniliklərdən söz açan rektor, bu istiqamətdə İqtisad Universitetinin 70 illik yubileyində çıxış etmiş Ulu Öndərin tövsiyələrinin əsas götürüldüyünü deyib. Rektor UNEC məzunlarının yüksək səviyyədə xarici dil biliklərinə yiyələnmələri üçün ingilis dilinin tədrisinin müddətinin 2 ilədək artırıldığını, tələbələrin biliyinin beynəlxalq təcrübəyə uyğun olaraq, 4 bacarıq üzərindən qiymətləndirildiyini qeyd edib. Ə.Muradov xarici dil müəllimlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən yeniliklərdən və stimullaşdırıcı tədbirlərdən də danışıb.
Forumda çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld UNEC-in Britaniya Konsulluğu ilə əməkdaşlığının uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edərək, keçirilən forumun dilçilik sahəsi üçün önəmli rol oynadığını bildirib. Cənab səfir dünyada baş verən ekoloji problemlərə toxunaraq, dilçiliklə bağlı eko forumun təşkil olunmasını yüksək qiymətləndirib və eko sistemin bütün sahələrdə qorunmasının önəmini vurğulayıb.
UNEC-in Xarici Dillər Departamentinin direktoru, dos. Aysel Xəlilovanın moderatorluğu ilə keçirilən tədbirin açılışı Azərbaycan Dövlət Pedaqoji Universitetin prorektoru professor Mahirə Hüseynova və Britaniya Konsulluğunun İmtahan Xidmətləri meneceri Nərgiz Əkbərovanın mövzu ilə bağlı maraqlı çıxışları ilə davam edib.
400-dən çox iştirakçının qatıldığı forumun ikinci hissəsində dilçilik və ətraf mühitin öyrənilməsi sahələri ilə bağlı təqdimatlar olub.
Forum çərçivəsində iştirakçılara dibçəkdə lavanda çiçəkləri də hədiyyə olunub.
Forum UNEC-in rəsmi facebook səhifəsindən canlı yayımlanıb.