×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

azedu.az

Keyfiyyətli təhsil almaq hər kəsin hüququdur. Ancaq təəssüf ki, bəzi hallarda əlilliyi olan şəxslər üçün imkanların qıtlığı təhsilin əlçatanlığına xələl gətirir.

AzEdu.az Təhsil Portalı olaraq universitetlərdə əlilliyi olan şəxslər üçün yaradılan şəraitlə bağlı ali məktəblərə sorğu ünvanladıq.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, 2023/2024-cü tədris ilində universitetdə Vətən müharibəsi zamanı əlillik dərəcəsi almış 80-ə yaxın tələbə olub:

“UNEC-də inklüziv xidmət təkcə əlilliyi olan tələbələr üçün deyil, eyni zamanda həssas təbəqəyə aid olanlar, bullinqə məruz qalanlar, eləcə də zərərli vərdişlərdən əziyyət çəkənlər, psixi narahatlıqları olanlar və digərləri üçün verilir. Bundan əlavə qeyd edək ki, bəzi tələbələrdə fiziki cəhətdən görünməyən xəstəliklər olduğuna görə, dəqiq sayı mütəmadi rast gəldikcə öyrənə bilirik. Keçən il bu qəbildən olan tələbələrin sayı 200-dən çox olub. 

Mərkəzin çalışma mexanizmi əvvəlcə siyahını toplayır, daha sonra tələbə rektor və təşkilatlarının rəhbərləri ilə görüşüb, çalışma planını hazırlayırıq. Həssas kateqoriyadan olan tələbələri mütləq təşkilatlara yönəldirik. Könüllü təşkilatla sıx əlaqə saxlayırıq. 

Qanunvericiliklə, tədris sisteminin təşkili ilə əlaqədar müxtəlif görüşlər və tədbirlər keçiririk. Eyni zamanda QHT-lərlə birgə çalışaraq, ildə ən az 4-5 dəfə əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgilər keçiririk. Bu sərgilərdə satışlar da olur. İmtahanlarda görmə məhdudiyyətli tələbələr üçün könüllü oxucu təşkil olunur. Çünki imtahanlarda digər proqramlardan istifadə qadağandır. Əgər tələbələr həyəcan keçirirsə, psixi narahatlığı varsa, mərkəzin özündə xüsusi şərait altında imtahandan keçirlər. 

Görmə məhdudiyyətinin dərəcəsinə uyğun bəzən tələbələr nə yazılı, nə də test üsulundan istifadə edə bilmirlər. Bu zaman onlar üçün zəruri halda şifahi imtahan götürülür. Həmçinin UNEC-in İnklüziv mərkəzi Karyera mərkəzi ilə də sıx əlaqə saxlayır. Əlilliyi olan tələbələr də digərləri kimi seminarlarda, treninqlərdə iştirak edərək, sertifikatlar əldə edirlər. 

Karyera mərkəzi işəgötürənlərlə də əlaqələr saxlayır. Tələbələrin CV-ləri onlara yönləndirilir. Burada təhsil səviyyəsi çox yüksəkdir. Hətta, ikili diplom proqramları çərçivəsində müxtəlif xarici universitetlərə əlilliyi olan tələbələri göndəririk. Təəssüf ki, işəgötürənlər əlilliyi olan şəxsləri işə götürüb, onları işlə təmin etməyə çox da açıq deyillər. Düşünürlər ki, bu gənclərin əqli qabiliyyətləri də zəifdir, amma bizdə çox nümunələr var ki, əlilliyi olan tələbələr zəkaları ilə fərqləniblər. 

Qeyd edək ki, UNEC-də bu kateqoriyadan olan tələbələr üçün istənilən formada materiallar da yaradılır. Mühazirələrdə müəllimlər mütəmadi olaraq audio-mühazirələr də hazırlayırlar. Artıq UNEC-dəki bütün dərsliklərin audio-materiala çevrilməsi ilə bağlı layihə də öz işinə başlayıb".

TOP XƏBƏRLƏR