A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 95 illik yubileyi ərəfəsində yeni uğura imza atıb.

Belə ki, UNEC dünyanın nüfuzlu reytinq agentliklərindən olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 7 kateqoriya üzrə maksimal 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.

Ümumilikdə 9 fərqli kateqoriya üzrə aparılan auditdə UNEC-in tədris prosesi, məzunların məşğulluğu, idarəetmə sistemi, infrastrukturu, maliyyə, inklüziv mühiti, sosial aktivlik, beynəlxalq əməkdaşlıqla bağlı fəaliyyətləri maksimum 5 bal ilə qiymətləndirilib. Bu nəticə UNEC-də həmin sahələr üzrə fəaliyyətin dünya standartlarına uyğun həyata keçirildiyini bir daha təsdiqləyir. 

Kateqoriyalar üzrə auditin nəticələri aşağıdakı kimidir:

Tədris – 5 ulduz (mükəmməl)

- UNEC tədris proseslərinin tam rəqəmsallaşdırılması sahəsində beynəlxalq standartlara cavab verməklə, eləcə də tədris prosesinin müasir həllərlə keyfiyyət təminatına görə bu kateqoriya üzrə 5 ulduza layiq görülüb.

İnfrastruktur - 5 ulduz (mükəmməl)

- UNEC bu kateqoriya üzrə mükəməlliyə kampus infrastrukturu, kitabxana, kampusdaxili klinika, tələbə təşkilatlarının fəaliyyətinin yüksək səviyyədə təşkilinə görə layiq görülüb.

Proqram nüfuzu: Maliyyə - 5 ulduz (mükəmməl)

- Magistr təhsil pilləsində “Maliyyə” ixtisasının tələbələrinin məşğulluq səviyyəsi, məmnuniyyəti və digər parametrlər üzrə qiymətləndirmə nəticələrinə əsasən, UNEC 5 ulduza layiq görülüb. Xüsusilə təqdirəlayiq element UNEC-in 3 ixtisasının beynəlxalq FİBAA akkreditasiyasından keçməsi olub.

  • Məşğulluq - 5 ulduz (mükəmməl)

- Məzunların işlə təminatı, tələbələrə təcrübə proqramları üçün göstərilən dəstək xidmətləri, ölkəmizdə, eləcə də xaricdə özəl və dövlət qurumlarında çalışan 2000-dən çox nüfuzlu məzun sayəsində reallaşan güclü sənaye əlaqələri ilə bu önəmli nailiyyət qazanılıb.

Effektli İdarəçilik - 5 ulduz (mükəmməl)

- Tam rəqəmsal sənəd dövriyyəsi sistemi, inzibati proseslərin elektron vasitələrlə həyata keçirilməsi, strateji hədəflərin dəqiq ölçüləbilən və detallı fəaliyyət planı ilə əhatə olunması, müasir çağırışlara cavab verən idarəetmə sistemi sayəsində UNEC 5 ulduza layiq görülüb.

Sosial Təsir - 5 ulduz (mükəmməl)

- UNEC-in həyata keçirdiyi sosial layihələr, xüsusi kateqoriyaya aid olan tələbələrə göstərilən dəstək mexanizmləri, strateji fəaliyyət planına əsasən sosial istiqamətdə nəticəyönümlü addımlar UNEC-ə bu kateqoriya üzrə 5 ulduz qazandırıb.

Fərqlilik, bərabərlik və inklüzivlik – 5 ulduz (mükəmməl)

- UNEC beynəlxalq standartlara cavab verən yüksək səviyyəli təhsil müəssisəsi olaraq, inklüziv təhsilə xüsusi önəm verir, hər bir tələbəyə bərabər imkanlar yaradır.

Akademik inkişaf – 4 ulduz (çox yaxşı)

- UNEC-də tələbələrin akademik inkişafına xüsusi diqqət yetirilir. Universitet daim təhsil proqramlarını yeniləyir, müəllimlərin və tələbələrin elmi fəaliyyətini dəstəkləyir və onların beynəlxalq akademik mühitə inteqrasiyasına şərait yaradır.

Qlobal fəallıq – 4 ulduz (çox yaxşı)

- UNEC beynəlxalq istiqamətdə dünyanın qabaqcıl ali təhsil və tədqiqat müəssisələri ilə qurduğu güclü əlaqələr, eləcə də ikili diplom, mübadilə proqramlarının effektiv tətbiqi nəticəsində bu göstəriciyə nail olub.

TOP XƏBƏRLƏR