A

UNEC rektoru, professor Ədalət Muradov Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən “Robotex International 2025” beynəlxalq robot texnologiyaları yarışında qalib olmuş Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbələri ilə görüşüb.

Görüş zamanı tələbələri beynəlxalq miqyaslı uğur münasibətilə təbrik edən rektor Ədalət Muradov UNEC adının ölkədə və regionda birinciliyə, dünyada isə ilk 5-liyə yazdırılmasının qürurverici olduğunu bildirib. O, tələbələrin bu nailiyyəti ilə Azərbaycanın adını beynəlxalq arenada yüksəklərə qaldırdıqlarını və ölkəni layiqincə təmsil etdiklərini xüsusi vurğulayıb.

Rektor qeyd edib ki, Azərbaycan gəncləri öz bilikləri, bacarıqları və təşəbbüskarlığı ilə hər zaman seçiliblər. Nəzəri biliklərin praktik bacarıqlara çevrilməsinin uğurun əsas açarı olduğunu bildirən Ədalət Muradov UNEC-də tələbələrin real layihələr üzərində işləməsi və innovativ ideyalarını reallaşdırması üçün geniş imkanlar yaradıldığını diqqətə çatdırıb.

Görüşdə UNEC-də startap hərəkatının gücləndirilməsi istiqamətində görülən işlərdən də bəhs olunub. Rektor universitet büdcəsi hesabına tələbə startap layihələrinin maliyyələşdirildiyini qeyd edərək, gəncləri bilik və bacarıqlarından daha fəal şəkildə istifadə etməyə, innovativ təşəbbüslərini davam etdirməyə çağırıb.

UNEC komandasının üzvləri olan Aşurbəy Məmmədzadə, Əli Səfərli, Məhəmməd Mərdanov, Zahid Təzəxanov və Tofiq Əliyev onlara göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Tələbələr əldə olunan beynəlxalq uğurların gələcəkdə də davamlı olacağına əminliklərini vurğulayıblar.

Görüşün sonunda rektor Ədalət Muradov tələbələri Fəxri Fərmanla təltif edib.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay