A

UNEC-də “Elm aylığı” davam edir.

“Elm aylığı” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvləri ilə görüşlər təşkil edilir. İlk görüş oktyabrın 16-da professor Əli Nuriyev ilə keçirilib. Görüşdə UNEC-in professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı və magistrlər iştirak edib.

AMEA-nın müxbir üzvü, professor Əli Nuriyev bildirib ki, ölkənin iqtisadi təhsilinin bayraqdarı olan UNEC-də belə görüşlərin keçirilməsi cəmiyyətdə elmin rolunu və keyfiyyətini artıracaq. Eyni zamanda, iqtisadçılar arasında elmi potensialın artırılmasına mühüm töhfələr verəcək.

“Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası: nailiyyətlər və perspektivlər barədə düşüncələr” mövzusunda məruzə ilə çıxış edən Ə.Nuriyev ölkənin əsas strateji vəzifələrinin reallaşdırılması üçün dövlətin həyata keçirdiyi tədbirlər və elmi-praktiki sahədə görüləcək işlərdən danışıb. Qeyd edib ki, bu gün Azərbaycan iqtisadi-sosial problemlərinin həllində digər dövlətlərə nümunə göstərmək iqtidarındadır. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşdığını xüsusi vurğulayan alim bunun təsadüfi olmadığını bildirib. Azərbaycanda neft strategiyasının uğurla yerinə yetirildiyini, bütün sahələrdə güclü infrastruktur yaradıldığını, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına müvəffəqiyyətlə inteqrasiya etdiyini bildirib.

Görüşdə Əli Nuriyev UNEC-də keçirilən "Elm aylığı"nda “Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası: nailiyyətlər və perspektivlər barədə düşüncələr” mövzusunda məruzə ilə çıxış etdiyinə görə Fəxri Fərmanla təltif olunub.

Görüş elmi müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR