UNEC-in İctimai Nəzarət Şurasının üzvlərinin görüşü keçirilib.
Görüşdə imtahan prosesində ictimai nəzarətin təmin edilməsi, obyektivliyin və şəffaflığın qorunması müzakirə olunub. Şuranın koordinatoru, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev şura üzvlərinin UNEC-də daim fəaliyyət göstərmələri və onların imtahanlara nəzarət prosesində operativliyini təmin etmək məqsədilə UNEC-in 2-ci tədris binasında otaq ayrıldığı bildirilib. Şura üzvləri təkliflərlə çıxış edib. Bildirilib ki, imtahanların keçirilməsi ilə bağlı tələbələrlə yanaşı, müəllimlər arasında da anonim sorğu keçirilsin. Hər il olduğu kimi, bu imtahan sessiyasında da şura üzvlərinin iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək, “Qaynar xətt” (146-1-3) xidməti onlara həvalə ediləcək. Şura üzvləri sessiyanın monitorinqini apararaq, nəticələri qiymətləndirəcək.
Sonra İctimai Nəzarət Şurasının üzvləri rektor, professor Ədalət Muradovla görüşüblər. Ə.Muradov şura üzvlərinin imtahanlara nəzarəti UNEC-in bütün tədris binalarında sərbəst, heç bir maneə olmadan apara biləcəklərini vurğulayıb.
UNEC-in İctimai Nəzarət Şurasında millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin rəhbəri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Gənclər, Elm və Təhsil” departamentinin direktoru Rauf Rəcəbov, “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Vətəndaşların əmək hüquqlarını müdafiə liqasının rəhbəri Sahib Məmmədov, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva təmsil olunur.