UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi tərəflər arasında faydalı əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin yaradılması, biznes subyektlərinin maarifləndirilməsi olub. Sənəddə, UNEC-in elmi araşdırma mərkəzləri tərəfindən biznes üçün tədqiqat və təhlillərin aparılması barədə birgə fəaliyyət, müştərək layihələrin həyata keçirilməsi də əks olunub.
UNEC-in rektoru, professor Ədalət Muradov praktika ilə bağlı olmayan elmi araşdırmaların əhəmiyyətini itirdiyinə diqqət çəkərək, tələbələrin elmi biliklərlə yanaşı, praktiki vərdişlərə yiyələnməsinin, real bazar mühitinin tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasının vacibliyini qeyd edib.
Rektor UNEC-də tədrisin əmək bazarının tələblərinə uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması və məzunların işlə təmin olunmasına hədəflənən “UNEC2B” platformasından da söz açıb. UNEC-in dövlət və korporativ qurumlarla faydalı əməkdaşlıq qurduğunu vurğulayan Ə.Muradov bu mənada KOBİA ilə də birgə fəaliyyətin səmərəli olacağını qeyd edib. Rektor UNEC-in KOBİA-nın “beyin mərkəzi” funksiyasını yerinə yetirməsi üçün lazımi potensiala sahib olduğunu bildirib.
Tədris və təlim imkanlarına toxunan rektor, universitetdə eyni zamanda 10 min tələbəyə onlayn təhsil verməyə qadir olan “UNEC Extern” mərkəzinin fəaliyyəti barədə də danışıb. Bildirib ki, iş adamları öz müəssisəsini tərk etmədən onları maraqlandıran sahə üzrə “UNEC Extern” mərkəzinin təlimlərinə qatıla bilərlər.
KOBİA-nin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq ideyasının təbliği, sahibkarların maarifləndirilməsi, qabaqcıl dəstək modellərinin istifadə imkanlarının araşdırılması, ölkənin innovativ potensialının reallaşdırılmasında elm və tədris mərkəzləri ilə birgə fəaliyyətin vacibliyindən bəhs edib. KOBİA tərəfindən kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş model və mexanizmlərin hazırlandığını diqqətə çatdıran O.Məmmədov, bu prosesdə UNEC-in elmi araşdırma mərkəzlərinin potensialından istifadə etməkdə maraqlı olduqlarını vurğulayıb.
Tədbirdə kiçik və orta biznes subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramları, metodiki vəsaitlərin hazırlanması, o cümlədən tələbələrin praktiki biliklərinin artırılması istiqamətində birgə fəaliyyət göstəriləcəyi də bildirilib.