Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəaliyyətə başlamasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, ali təhsil müəssisələrinin nümayəndələri və tələbələr iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, ATGTİ-nin sədri Faiq Məmmədov və başqaları çıxış edərək ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasətindən danışıblar. Bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildiriblər.
Yubiley tədbirində ATGTİ-nin fəaliyyətindən və həyata keçirilən layihələrdən də söz açılıb. Çıxışlardan sonra tədbirdə “İlin prorektoru” seçilib. UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova “İlin prorektoru” nominasiyasına layiq görülüb.
UNEC kollektivi adından Səadət xanımı təbrik edirik, ona fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!