A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir keçirilib.

Tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Anar İsgəndərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıb. Bu soyqırımın Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu deyən millət vəkili, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə müzəffər ordumuzun Xocalı qurbanlarının qisasını aldığını, onların qanının yerdə qalmadığını diqqətə çatdırıb. Torpaqlarımızın düşmən tapdağından azad olunaraq, 30 illik işğala və həsrətə son qoyulduğunu bildirib.

Sonra tədbirə onlayn olaraq qoşulan İsrailin Holon Texnologiya İnstitutunun Kiber şöbəsinin rəhbəri Harel Menashri, kiber təhlükəsizlikdən və universitetlərdə bu ixtisasın tədrisinin vacibliyindən danışıb.

Tədbirdə çıxış edən Türkiyənin İstanbul Aydın Universitetinin doktoru Murad Jane, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, ictimai xadim, politoloq Sergey Markov, Qırğıstan Beynəlxalq Universitetinin prorektoru dosent Baatirbek Akilbekov, Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin professoru Niginahon Şermuxamedova Xocalı soyqırımının Ermənistanın düşünülmüş siyasətinin tərkib hissəsi olduğunu bildirərək, bu soyqırımı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və hərbi cinayət kimi qiymətləndiriblər. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının və hüquqi-siyasi qiymətini almasının əhəmiyyətini vurğulayıblar.

Əslən Xocalıdan olan UNEC tələbəsi Fədayə Cavadzadə Xocalı faciəsində ailəsinə, yaxınlarına qarşı törədilən vəhşiliklərdən danışaraq, həmin günlərin xalqımızın qan yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildirib.

Çıxışlardan sonra UNEC məzunu Yusif Cəfərbəylinin ifasında “Xocalı lay-lay” musiqisi iştirakçılara duyğulu anlar yaşadıb.

Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin Xocalıya həsr olunan rəsm əsərləri də nümayiş olunub.

TOP XƏBƏRLƏR